Son illərdə mikrobiomun insan sağlamlığına təsiri barədə çoxsaylı tədqiqatlar aparılıb. Foodinfo.az bildirir ki, orqanizmdəki mikroorqanizmlərin cəmindən ibarət olan mikrobiom, həzm sistemindən beyin fəaliyyətinə qədər bir çox fizioloji prosesdə mühüm rol oynayır.

Mikrobiomun balansı, yediklərimizdən asılıdır. Yüksək şəkərli, işlənmiş qidalar və doymuş yağlarla zəngin pəhriz mikrobiomu pozur, bu isə həzm problemləri, immun sisteminin zəifləməsi və hətta psixoloji pozuntulara səbəb ola bilər. Tərəvəzlər, meyvələr, paxlalılar və probiotiklər isə mikrobiomu qorumağa kömək edir və bağırsaq florasının balansını bərpa edir.

Mütəxəssislər bildirir ki, müxtəlif təbii qidalar, xüsusilə liflə zəngin olanlar, bakteriyaların daha sağlam şəkildə inkişaf etməsinə və orqanizmin hüceyrə funksiyalarını yaxşılaşdırmasına imkan yaradır. Probiotiklər və prebiotiklər ilə zəngin qidalar – məsələn, qatıq, kefir, kvas və kimçidə olan mikroorqanizmlər bağırsaq florasına müsbət təsir göstərir. Nəticə olaraq, sağlam mikrobiomun qorunması üçün balanslı və təbii qidalarla zəngin pəhrizə riayət etmək lazımdır.