Bir qrup yapon alimləri aşkar ediblər ki, səthi-aktiv maddələr (SAM) ağcaqanadlarla mübarizədə kömək edə bilər. Onların təsirindən həşəratların qanad və bədənləri nəmlənir, bu da ağcaqanadların yerə düşmələrinə səbəb olur. 

Foodinfo.az xəbər verir ki, bu barədə “New Atlas” nəşri yazır.

Məlumdur ki, SAM-lar əksər hallarda insanlar üçün zərərsizdir. Onlar adətən kosmetika və təmizləyici məhsullarda müxtəlif maddələri həll etmək üçün istifadə olunur. Lakin ağcaqanadlar üçün səthi-aktiv maddələr ölümcül ola bilər.

Alimlər anlayıblar ki, bu həşəratların üzərinə su çiləmək mənasızdır, ağcaqanadlar silkələnib suyu öz üzərlərindən kənara tökürlər. Lakin suya səthi-aktiv maddə əlavə etdikdə həşəratlar yerə düşür. Belə bir məhlul ağcaqanadları ağırlaşdırır və oksigen tədarükü üçün onun nəfəs alma yollarını bağlayır.

Səthi-aktiv maddələr həşəratların bədəninə içəridən deyil, xaricdən təsir göstərir. Buna görə də ağcaqanadların belə maddələrə qarşı müqavimət göstərmə ehtimalı yoxdur. 

Hazırda bu üsuldan geniş miqyasda tətbiq etməyin təhlükəsiz olduğunu sübut etmək qalır.

Leyla