Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, 13 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 36 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 10, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 13, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.