Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Milli Monitorinq Planı çərçivəsində Agentliyin Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Siyəzən rayonu, Yenikənd kəndində yerləşən soğan əkini sahələrində fitosanitar müşahidələr həyata keçirilib. Əkin sahələrindən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Qeyd edək ki, monitorinqlər soğan bitkisinin ağ çürümə (Sclerotium cepivorum), soğan gövdə nematodu (Ditylenchus dipsaci), qərb çiçək tripsi (Frankliniella occidentalis) və lağımlayıcı milçək növləri (Liriomyza spp.) kimi təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu və yayılma arealını müəyyən etmək məqsədilə həyata keçirilib. Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib.