Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində müvafiq qanunvericiliyə uyğun olaraq, Goranboy rayonu, H.Əliyev prospektində yerləşən vəzifəli şəxs Kamil Kəniş oğlu Əliyevə məxsus ət satışı dükanında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının pozulduğu aşkar edilib, bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda baytarlıq-sanitariya ekspertizasından keçməyən və üzərində baytarlıq nişanı olmayan iribuynuzlu heyvan ətindən nümunələr götürülüb. Ümumi çəkisi 162.5 kq ət mağazada yerləşən soyuducuda saxlanca qoyulub. Soyuducunun qapıları möhürlənərək toxunulmazlıq aktı tərtib edilib və sahibkara qanunvericiliyin tələbləri izah olunub.
Götürülmüş nümunələr üzərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında və Mərkəzi Baytarlıq Laboratoriyasında aparılmış sınaq nəticələri ilə ətin köhnə olduğu müəyyənləşib. Eyni zamanda ətin tərkibində pH göstəricisinin normadan çox olduğu, eləcə də “Fusobacterium necrophorum” bakteriyası aşkarlanıb. Bu səbəbdən ət insan istehlakı üçün yararsız sayılıb və məhv edilməsinə dair müvafiq qərar qəbul olunub.
Aşkarlanan halla bağlı AQTA-nın əməkdaşları tərəfindən sözügedən ət satışı dükanına keçirilən baxış zamanı sahibkar tərəfindən möhürlərin pozulduğu və istehlaka yararsız ət məhsullarının soyuducuda olmadığı aşkarlanıb.
K.Əliyevin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.