Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3 620 ton və 20 460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhv edilmə, geri qaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib. O bildirib ki, məhv edilən məhsulların siyahısına 1 760 kq dənli-paxlalı bitkilər, 171 ton meyvə və tərəvəz, 66 ton əkin-səpin materialları, 340 kq unlu qənnadı məmulatları, 5 107 kq müxtəlif qida məhsulları və 29 405 ədəd bioloji fəallığa malik qida əlavələri daxildir: “Yeni qanundan irəli gələn tələblərlə bağlı Azərbaycana qida məhsulları idxal olunan ölkələrə rəsmi məlumat verilib. Həmin ölkələrin sistemlərinin və qida obyektlərinin qiymətləndirilməsinə başlanılıb. Azərbaycan dilində markalanması olmayan məhsulların ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür”.