Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının Fransa Respublikasının Paris şəhərində UNESCO-nun qərargahında keçirilmiş 72-ci sessiyasında iştirak edib.
Foodinfo.az-ın məlumatına görə, sessiyada 2021-ci il ərzində EPPO tərəfindən həyata keçirilmiş işlərə dair hesabat, eləcə də maliyyə hesabatı təqdim edilib. EPPO-nun 2023-cü il üçün fəaliyyət planı, büdcə və 2023-2025-ci illər üçün maliyyə planı müzakirə edilərək qəbul olunub. Həmçinin 2024-cü ildə Şuranın sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Şura 52 üzv dövlətin nümayəndələrindən ibarətdir. Hər bir üzv dövlət Şuraya bir nümayəndə və bir nümayəndə müavini təyin etmək hüququna malikdir. Şurada hər bir üzv dövlətin bir səs hüququ var. Şura ildə bir dəfə sentyabr ayında toplanır və iclaslar zamanı ötən dövr ərzində Təşkilatın fəaliyyəti barədə baş direktorun hesabatı dinlənilir, təşkilatın işinin istiqamətləri və fəaliyyət proqramları, büdcə, illik hesabatlar, təşkilatın işini təmin etmək məqsədilə təsis edilmiş xüsusi və ya daimi orqanların yaradılması və buraxılması, eləcə də İcraiyyə Komitəsi tərəfindən təqdim edilən təkliflər və digər xüsusi əhəmiyyətli məsələlər üzrə müzakirələr aparılır və qərarlar qəbul olunur.
[gallery ids="50783,50784"]