Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollegiyasının qərarı ilə “Yaxılabilən və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiq edilib. Qərarı Foodinfo.az-a şərh edən Agentliyin sektor müdiri İradə Hüseynli bildirib ki, yaxılabilən qatı yağlar, yəni trans yağların mövcud olduğu yağlarda trans yağ turşularının maksimum həddi qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq 2% həddində müəyyənləşdirilib:
“Bu qaydalar cari ilin 1 avqust tarixindən qüvvəyə minir və sözügedən tarixdən etibarən bu qaydanın tələblərinə uyğun olmayan məhsulların idxalı, o cümlədən yerli məhsulların ölkə ərazisində satışı qadağan ediləcək. Qayda kərə yağına və süd yağı əsaslı yağlara şamil edilmir”.
Sektor müdiri vurğulayıb ki, Agentlik tərəfindən tənzimləməyə dair tədbirlərə daha öncədən başlayıb:
“Belə ki, trans yağların 2% həddində müəyyənləşdirilməsi ilə bağlı həm yerli istehsalçılara, həm də idxalçılara əvvəlcədən məlumat verilib. Sonuncu dəfə aparılan monitorinqlərə əsasən həm yerli, həm də idxal olunan yağ məhsullarında trans yağ turşularının miqdarı 2%-dən yuxarı olmayıb. Başqa sözlə, uyğunsuzluq aşkarlanmayıb”.
AQTA bir daha sahibkarlara bildirir ki, qida sahəsində xidmətlərini qanuna və qəbul edilmiş normativ hüquqi aktların tələblərinə uyğun qursunlar.
Qeyd edək ki, “Yaxılabilən yağlarda və qatı yağlarda transyağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən müvafiq məhsulların həmin tələblərə uyğunluğu 6 ay müddətində təmin olunmalıdır.