Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti 22-25 iyul tarixlərində Misir Ərəb Respublikasında işgüzar səfərdə olub.

Foodinfo.az xəbər verir ki, səfərin məqsədi cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə bağlı Agentliyə həvalə edilmiş vəzifələrin uğurla icrası üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qahirə şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yerli nümayəndəliyi, Misirin Milli Qida Təhlükəsizliyi İdarəsi, Ətraf Mühit Nazirliyi, Turizm və Qədim Əsərlər Nazirliyi, Xarici İşlər Nazirliyinin İnkişaf üzrə Tərəfdaşlıq Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri ilə görüşləri keçirilib. Həmçinin Agentliyin nümayəndələri Misirin ev sahibliyi ilə keçirilmiş COP27 tədbirinə hazırlıq prosesində əldə olunmuş uğurlu təcrübə, eləcə də qarşıya çıxan çətinliklər zamanı onların innovativ həlli yolları və qazanılan təcrübənin mübadiləsi məqsədilə müxtəlif tədbirlərdə iştirak ediblər. Görüşlərdə nüfuzlu beynəlxalq tədbir hesab olunan COP29 zamanı qidalanmanın təşkilinə nəzarət, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət, turizm və otel müəssisələrində qidalanma, monitorinqlərin aparılması, yoluxucu xəstəliklərə nəzarət, logistika, idxal-ixrac sistemlərinə nəzarət, eləcə də maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşlər zamanı qidalanmanın təşkilinə nəzarət və digər aktual mövzularda təqdimatlar edilib, suallar cavablandırılıb.           

Qeyd edək ki, AQTA nümayəndə heyətinin Misir Ərəb Respublikasına işgüzar səfəri FAO-nun təşkilatçılığı ilə həyata keçirilib.