Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) qəhvəyi mərmər bağacığı ilə bağlı əhaliyə növbəti dəfə müraciət olunub. Müraciətdə hər bir vətəndaşın yayılma təhlükəsi aradan qalxmayan bu zərərverici barədə məlumatlı olmasının və ona qarşı müvafiq tədbirlər həyata keçirməsinin vacibliyi önə çəkilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, qəhvəyi mərmər bağacığının bəzi taxtabiti növləri ilə yaxın morfoloji oxşarlığı olsa da, bədənin azacıq yastı, armudvari forması, qəhvəyi rəngi, baş, döş və qanadüstlüklərində mərməri xatırladan açıq rəngli ləkələrin, bığcıqlarında və qarıncığının kənarlarında xarakterik ağ-qara naxışlarının olması bu növü digərlərindən fərqləndirir.
Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.
Qəhvəyi mərmər bağacığı yetkin fərd mərhələsində qrup halında qışlayır və qışlama yeri kimi insanların yaşadığı binalara və digər tikililərdəki sığınacaqlara üstünlük verir. Əsasən tikililərin qaranlıq və yuxarı hissələrində toplaşırlar.
Havanın temperaturu və günün uzunluğu zərərvericinin qışlamadan çıxmasına təsir edən başlıca amillərdir. Belə ki, havanın temperaturu +15° C-dən yuxarı olduqda yetkin fərdlərin qışlama yerlərindən çıxması, +17° C-dən çox olduqda isə aktiv qidalanmağa başlaması məlumdur.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.
Zərərvericinin qışlama yerlərini maksimum azaltmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə təmizləmə işləri aparılmalı, yetkin fərdlərin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr xırdagözlü torla bağlanmalıdır.
Qeyd edək ki, “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyət göstərir.
Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal qərb rayonları üzrə)