Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyi ilə bağlı mövcud problemlərin və ya təhlükələrin, baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinin təhlili nəticəsində “Qida təhlükəsizliyi problemlərinə dair Multimonitorinq Planı” hazırlanıb.  

Foodinfo.az-ın məlumatına görə, “Qida təhlükəsizliyi problemlərinə dair Multimonitorinq Planı” çərçivəsində Agentlik əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən süd məhsullarından 114 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim edilib. Eyni zamanda götürülmüş nümunələrin etiket məlumatlarında bir sıra pozuntular aşkarlanıb. Belə ki, kəsmik və xama məhsullarının etiket məlumatlarında 2 halda tərkibində bitki yağından istifadə olunduğu qeyd olunmasa da, laborator müayinələr nəticəsində həmin məhsullarda fitosterinlər aşkarlanıb. Həmçinin digər məhsulların tərkibində fitosterinlər aşkarlandığı halda, məhsulun etiket məlumatlarında bitki yağı deyil, “süd yağı əvəzedicisi” ifadəsindən istifadə edilib. Bununla əlaqədar olaraq, həmin müəssisələrin rəhbərlərinə məhsulların etiket məlumatlarının “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğunlaşdırılması barədə məktub göndərilib.

Aşkar olunmuş faktlarla bağlı araşdırmalar davam etdirilir və qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununlarına uyğun olaraq, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixli, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları, keyfiyyəti barədə dolğun və düzgün məlumatlar verilməlidir.