Bakıda “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda keçirilən regional tədbir çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) katibi Osama El-Lissy ilə görüşüb.
Q.Təhməzli Osama El-Lissyni IPPC-nin katibi təyin edilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb.
Agentlikdən Foodinfo.az- verilən məlumata görə, görüşdə AQTA sədri Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, bitki sağlamlığı sahəsində həyata keçirilən islahatlar və yeniliklərlə bağlı qonağı məlumatlandırıb. Bildirilib ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
Q.Təhməzli ölkəmizin “Elektron fitosanitar sertifikat” (E-fito) sisteminə qoşulmaqda maraqlı olduğunu bildirib və inteqrasiya istiqamətində görülən işlərdən danışıb.
IPPC-nin katibi Osama El-Lissy bitki sağlamlığı istiqamətində Agentlik tərəfindən görülən işləri yüksək qiymətləndirib və qarşılıqlı əməkdaşlığın bu sahədə böyük rolu olacağını vurğulayıb.
Görüşdə həmçinin növbəti illərdə Konvensiyanın tədbirlərinin Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Qeyd olunub ki, belə tədbirlərin birgə təşkil edilməsi əməkdaşlığın inkişafı və təcrübə mübadiləsində xüsusi əhəmiyyətə malikdir.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıb.
[gallery ids="49982,49983,49984"]