Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) çalışmaq istəyən universitet məzunları ilə görüşüb. Foodinfo.az xəbər verir ki, Qida Təlükəsizliyi İnstitutunda keçirilən görüşdə Azərbaycan Tibb Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları iştirak ediblər. Görüşün keçirilməsində məqsədin bacarıqlı kadrların seçilərək Agentlik və onun tabeliyində fəaliyyət göstərən qurumlarda işə cəlb edilməsi olduğu bildirilib. Qeyd olunub ki, peşəkar kadrların yetişdirilməsində maraqlı olan Agentlik tərəfindən bu məqsədlə tələbələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və tabeliyində fəaliyyət gösətərən laboratoriyalarda müxtəlif təcrübə proqramlarına cəlb olunub. Q. Təhməzli məzunlarla söhbət aparıb, onların bilik və bacarıqlarını qiymətləndirərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. AQTA sədri ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu sahəyə peşəkar mütəxəssislərin cəlb edilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.