Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Foodinfo.az xəbər verir ki, görüşdə Agentlik sədri ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Eyni zamanda, AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn məsələlər barədə məlumatları səfirin diqqətinə çatdırıb.
Görüş zamanı qida sahəsində iki ölkə arasında idxal-ixrac əməliyyatları üzrə əlaqələndirmənin operativ şəkildə qurulması məqsədilə işçi qruplarının yaradılması, virtual və ya zərurət yaranarsa fiziki formatda görüşlərin keçirilməsi müzakirə olunub.
Görüş çərçivəsində qida mənşəli xəstəliklərin araşdırılması və epizootiya əleyhinə təşkil olunan tədbirlər, idxal zamanı sərhəd buraxılış məntəqələrində baytarlıq nəzarəti proseduru ilə tanışlıq (baytarlıq sertifikatlarının yoxlanılması, tətbiq olunan baytarlıq sanitariya tədbirləri), qida məhsullarına nəzarət mexanizmi sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Səfir Tamaş Yojef Torma səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.