Fevralın 24-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda fəaliyyət göstərən un dəyirmanı və çörək istehsalı müəssisələrinə yerində baxış keçirib.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, məqsəd “Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqi ilə bağlı olaraq un dəyirmanları və çörək istehsalı müəsisisələrində HACCP sisteminin tətbiqi, habelə unun dəmirlə zənginləşdirilməsi istiqamətində həyata keçirilən pilot layihənin tətbiqi vəziyyəti, bununla bağlı infrastruktur imkanlarının yerində qiymətləndirilməsi olub.
Məlumdur ki, sağlam qidalanmanın təşkili istiqamətində əhalinin yüksək qida dəyərinə malik qida məhsulları ilə təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, balanslaşdırılmamış qidalanma nəticəsində ortaya çıxan mikronutriyent çatışmazlığı bir çox xəstəliklərə səbəb olur.
Hazırda bir sıra ölkələrdə bu xəstəliklərin qarşısını almaq üçün qida məhsullarının müxtəlf mikronutriyentlərlə zənginləşdirilməsi effektiv profilaktik tədbir kimi bir çox dünya ölkələrində məcburi qaydada tətbiq edilir.
2003-cü ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minmiş “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən duzun yodlaşdırılması məcburi tələb kimi müəyyənləşdirilib.
Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən Azərbaycanda qadınlar, o cümlədən hamilə qadınlar arasında dəmir defisiti, anemiyanın faizi xeyli yüksəkdir. Bu problemin həlli istiqamətində unun dəmirlə zənginləşdirilməsi prosesi anemiyanın qarşısının alınması baxımından ən təsirli vasitədir. Unun insanların qida rasionunda çox geniş yer tutması səbəbindən 80-dən artıq ölkədə uzun illərdir məcburi qaydada müxtəlif nutriyentlərlə zənginləşdirilməsi tətbiq olunur ki, bunlardan 30-dan artıq ölkədə dəmirlə zənginləşdirmə həyata keçirilir.
Xatırladaq ki, cari ilin 9 fevral tarixində Agentlik sədrinin rəhbərliyi ilə un və çörək istehsalçıları ilə keçirilmiş görüşün nəticəsi olaraq ölkə ərazisində fəaliyyət göstərən un dəyirmanı və çörək istehsalı müəssisələrinə Agentliyin əməkdaşlarının monitorinqlərinin keçirilməsi planlaşdırılmış və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı un dəyirmanları və çörək istehsalı müəsisisələrində HACCP sisteminin tətbiqi, habelə unun dəmirlə zənginləşdirilməsi istiqamətində pilot layihəsinin icrası ilə yanaşı, bu istiqamətdə işlərin miqyasının daha da genişləndirilməsi və bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur.