Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Xudatda göbələkdən zəhərlənmə faktını araşdırmağa başlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, ilkin məlumata görə, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.