Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması ilə bağlı maarifləndirici görüşləri davam etdirir. Növbəti belə görüş Bakı Dövlət Universitetinin kimya və Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin IV kurs tələbələri üçün təşkil olunub.
Foodinfo.az-ın məlumatına görə, görüşdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.
Görüşdə həmçinin ixtisaslı mütəxəssislərin formalaşadırılmasının və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək edir.
Görüş çərçivəsində tələbələr İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prosesi ilə də tanış olublar. Həmçinin AQTİ-nin əməkdaşları onları maraqlandıran sualları cavablandırıb.