Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

Foodinfo.az xəbər verir ki, yağ (süd yağı) nümunəsində yağlılıq, nəmlik və quru maddə parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün 31 iyul 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq [email protected] elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.

Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.