Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ASK üzvləri üçün onlayn formatda təşkil olunan silsilə təlimlər davam etdirilir. Foodinfo.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti vebinar keçirilib. Vebinarda iştirakçılar HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları barədə məlumatlandırılıb. Bildirilib ki, HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək təhlükələrlə risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması da vacibdir. Vebinar zamanı iştirakçılara HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə İSO 22000:2018 arasındakı əlaqə haqqında da məlumat verilib. Həmçinin onların sualları cavablandırılıb.