Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Foodinfo.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan qida məhsullarında toksiki elementlərin (As, Cd, Pb, Hg) təyini parametri üzrə səriştəlilik sınağına qatılıb və uğurlu nəticə əldə edib. Sınaqlar yüksək həssaslığa malik "ICP-MS" cihazında beynəlxalq metoda əsasən həyata keçirilib.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir. Laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının, yemlərin və içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, ISO, AOAC, ASTM, NMKL və QOST beynəlxalq standartlarında qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.