Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Vüsal Arzuman oğluna məxsus "Bakku Muzik Hall" restoranında aparılan plandankənar yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu məlum olub.
Belə ki, mətbəxdə qida məhsullarının emalının eyni sahədə həyata keçirildiyi, texnoloji ardıcılıq prinsipinin pozulduğu, temperatur rejiminə riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkar olunub. Həmçinin soyuducu və dondurucularda üzərində markalanma aparılmamış süd məhsulları (süd, qatıq, saçaq pendiri) və konservləşdirilmiş qida məhsulları (mürəbbələr) müəyyən edilib. Müəssisədə istifadə edilən ətin minimum keyfiyyət və təhlükəsizliyinə, mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparıldığına, eləcə də işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmələrinə dair müvafiq sənədlər yoxlamaya təqdim edilməyib.
İstehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisədə qida məhsullarının hazırlanması ilə bağlı işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="48277,48278,48279,48280"]