Prakəndə satış fəaliyyəti zamanı baytarlıq preparatlarının və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının qəbulu və saxlanması məqsədilə təşkil edilmiş anbarların qəbul, saxlama və yükləmə bölmələri olmalıdır. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”də bildirlir. Sənəddə qeyd olunur ki, anbarda rəflər, stellajlar və dolablar quraşdırıldıqda divardan 0,6-0,7 m, tavandan 0,5 m, döşəmədən 0,25 m məsafələr gözlənilməlidir. Rəflər arasındakı məsafə 0,75 m olmaqla işıqlanmaya mane olmamalıdır. Anbarın baytarlıq preparatlarının saxlanılması bölməsinə həmin baytarlıq aptekinin işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilmir. Baytarlıq preparatlarının yükləmə-boşaltma işlərinin həyata keçirilməsi müddətində preparatların atmosferin zərərli təsirindən (yağıntı, günəş şüası, toz və s.) mühafizəsi təmin olunmalıdır. Baytarlıq aptekində qeydiyyat şəhadətnaməsi olmayan, yararlılıq müddəti bitmiş və ya istifadəyə yararsız hala düşmüş (tempratur rejminə əməl edilmədən nəql edilmiş, preparata xas olmayan rəng və tərkib dəyişikliyi olan, etiketi olmayan və ya etiketdəki yazıları oxunmayan və hermetik (kip bərkidilmiş, sıx qapadılmış, qaz və ya maye buraxmayan, hava keçirməyən və s.) qablaşdırılmayan və s.) baytarlıq preparatlarının saxlanılmasına və satılmasına yol verilmir. Baytarlıq preparatlarının tullantılarının toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun həyata keçirilməlidir. Bioloji preparatların qəbulunda, buraxılmasında qablaşdırılmanın kip, onun daxilindəki maddənin həmcins olmasına və etiketlərin mövcudluğuna ciddi fikir verilməlidir. Saxlanıldığı flakonlarda çat olduqda, çalxalandıqda qarışmayan topacıqlar və nazik təbəqə (qaysaq) yarandıqda, preparata xas olmayan rəng və konsistensiya dəyişikliyi olduqda, etiket olmadıqda və ya ondakı yazı oxunmadıqda, ağızları kip bağlanmadıqda, yararlılıq müddəti bitdikdə və dondurulduqda onun qəbul edilməsinə, buraxılmasına və istifadəsinə icazə verilmir. Baytarlıq preparat və vasitələrinin altlıqlar olmadan döşəmədə yerləşdirilməsinə yol verilmir. İstifadə təlimatlarında xüsusi saxlanılma şəraiti tələb edən baytarlıq preparatlarının yalnız boş qablaşdırma forması vitrinə qoyula bilər.

Sənəddə göstərilir ki, baytarlıq aptekində baytarlıq preparatlarının düzülməsi və yerləşdirilməsi onların toksikoloji və fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı qaydada qruplaşdırılmalıdır:

- narkоtik vasitələr, psiхоtrоp maddələr, onların prekursorları və güclü təsiredici preparatlar;

- istifadə qaydasından asılı olaraq (daxilə, xaricə qəbul edilən və s.);

- aqreqat halına uyğun olaraq (maye, toz şəklində və s.);

- fiziki-kimyəvi xüsusiyyətlərinə uyğun olaraq;

- yararlılıq müddətindən asılı olaraq;

- digər baytarlıq preparatları.

Həmçinin baytarlıq preparatlarının yuyucu və dezinfeksiyaedici maddələrlə və yemlərlə birgə saxlanılmasına yol verilmir. Yalnız hermetik qablaşdırılan dezinfeksiyaedici maddələr, repellentlər, attraktantlar, insekto-akarasidlər və yemlər digər baytarlıq preparatları ilə birgə saxlanıla bilər. Fotolabil, termolabil, hiqroskopik, uçucu xassəli, qoxulu və rəngverici baytarlıq preparatlarının xüsusiyyətləri nəzərə alınmaqla saxlanılması aşağıdakı kimi aparılmalıdır:

-fotolabil baytarlıq preparatları işıq keçirməyən materialdan hazırlanmış taralarda qaranlıq yerdə və ya dolablarda saxlanılır;

- termolabil baytarlıq preparatları soyuducuda istifadə təlimatlarında tələb olunan müvafiq temperatur rejimində saxlanılır;

- hiqroskopik baytarlıq preparatları nəm keçirməyən materialdan hazırlanmış taralarda və havanın nisbi rütubəti 50-65%-dən çox olmayan sərin yerdə saxlanılmalıdır;

- uçucu xassəli baytarlıq preparatları xüsusi materialdan (şüşə, metal, alüminium folqa) hazırlanmış və hermetik bağlı olan taralarda və sərin yerdə saxlanılmalıdır;

- qoxulu baytarlıq preparatları qoxu keçirməyən və hermetik bağlı olan taralarda, təcrid olunmuş yerdə saxlanılmalıdır;

- rəngverici baytarlıq preparatları hermetik qablaşdırmalarda və xüsusi dolablarda saxlanılmalıdır.

- Müxtəlif hazır formalı baytarlıq preparatlarının saxlanılması aşağıdakı kimi olmalıdır:

- həblər və drajelər, məlhəmlər, maye və inyeksiya üçün preparatlar ayrı-ayrılıqda, quru, sərin və lazım gəldiyi halda isə işıqdan qorunan yerlərdə saxlanılmalıdır;

- zərdab əvəzedicilər və detoksikasiya məhlulları müvafiq temperaturda və işıqdan qorunan yerdə saxlanılmalıdır;

- ekstraktlar müsbət 12ºC-15ºC temperaturda işıqdan qorunan yerdə saxlanılmalıdır.

- Aerozol şəklində olan baytarlıq preparatları müvafiq temperaturda, işıqdan qorunan yerdə saxlanılmaqla, zərbələrdən və mexaniki zədələrdən qorunmalıdır.

- Baytarlıq aptekində, o cümlədən anbar otaqlarında havanın temperaturu və rütubət göstəriciləri gündə ən azı bir dəfə qeydə alınmalıdır.

- Bioloji baytarlıq preparatlarını soyuducuda temperatur rejiminə nəzarət edilməklə saxlanılmalı və ya nəql edilməlidir.