Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Çexiya, Bolqarıstan, Polşa, Slovakiya, Rumıniya, Macarıstan, Xorvatiya, İtaliya, İslandiya, Portuqaliya respublikalarının, Belçika, Danimarka, Norveç, İspaniya krallıqlarının, eləcə də Rusiya Federasiyasının, İran İslam Respublikasının, Almaniya Federativ Respublikasının, Uelsin, İngiltərənin, Şotlandiyanın bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək və aşağı patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək və aşağı patogen quş qripi xəstəliyinə görə adları sadalanan ölkələrin inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.