
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib.
Foodinfo.az xəbər verir ki, təsdiq edilən texniki normativ hüquqi akt bioloji aktiv qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyən edir. Qaydalarda yer alan tələblər həm ölkə ərazisində emal olunan, həm də dövriyyədə olan bioloji aktiv qida məhsullarına tətbiq olunur.
Sənəddə bioloji aktiv qida məhsullarının emalında tətbiqinə yol verilən vitamin və minerallar, eləcə də onların formalarının siyahısı və minimum normaları, habelə bioloji aktiv qida məhsullarının təhlükəsizliyi və etiketlənməsinə dair tələblər öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində emal olunan və ölkə ərazisinə idxal olunan bioloji aktiv qida məhsulları yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. “Bioloji aktiv qida məhsullarına dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək.
Qərarla ətraflı bu linkdən tanış ola bilərsiniz.