Azərbaycanda qış aylarında dağ çaylarının suyunu anbarlara yığmaq mümkündür. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı əsasında 10 çay üzərində su anbarının tikintisi nəzərdə tutulur. Bu sərəncama uyğun olaraq, yaxın dövrlərdə Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicəçay, Viləşçay, Zəyəmçay çayları üzərində su anbarları inşa ediləcək.
Həmin çayların Böyük və Kiçik Qafqazda yerləşdiyini nəzərə çatdıran M.Həsənov bildirib ki, hazırda həmin anbarların tikilməsi üçün düzgün relyefin müəyyən edilməsi istiqamətində iş aparılır. M.Həsənov qeyd edib ki, dağ çaylarının suyundan istifadə etmək üçün qış aylarında onların qarşısına bənd çəkməklə suları anbarlara yığmaq və ya onların axması üçün kiçik kanallar yaratmaq olar: “Suya ehtiyac olan dövrlərdə, yəni yay aylarında həmin sular Kür çayına axıdıla bilər. Və ya birbaşa kanallar vasitəsilə bu sulardan ərazilərin suvarılmasında istifadə etmək olar”.