Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. 

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Yeni Əyricə kəndində fəaliyyət göstərən fiziki şəxs Fəttahov Məhərrəm Yahya oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.