“Qida təhlükəsizliyi haqqında” qanunu qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.
O bildirib ki, aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirməklə həyata keçiriləcək:
"Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ olmaqla ödəniləcək. Qanuna əsasən, növbəti ildən etibarən qida obyektlərinin qeydiyyatı və fəaliyyətinə icazə verilməsinə dair yeni yanaşmanın tətbiqi nəzərdə tutulub. Belə ki, təsdiqi tələb olunmayan qida obyektlərinin qeydiyyatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 7 iş günü ərzində obyektin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən aparılacaq. Həmçinin stasionar, modul və daşınan (nəqliyyat vasitələri, mexaniki qoşqular, avadanlıqlar və s.) qida obyektləri ilə yanaşı, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektləri, habelə obyekti olmadan fəaliyyət göstərən qida subyektlərini əhatə edəcək qeydiyyat prosesi üçün dövlət rüsumu nəzərdə tutulmayıb".
Q.Təhməzli qeyd edib ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tamamilə elektronlaşdırılacaq.