Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Baxış zamanı istehsal sahəsinin döşəmə, tavan və divar səthlərinin hamar və təmirli səthə malik olmadığı, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, istifadə olunan bütün alət, avadanlıq və ləvazimatların təmiz saxlanılıb dezinfeksiya olunmadığı, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi və xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.