Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən “Tac” marketdə keçirilmiş planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, həmçinin istifadə müddəti bitmiş qida məhsulları və mənşəyi məlum olmayan quş əti aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.