Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elçin Etibar oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.  Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda süd qəbulu məntəqəsinin kənarlarının hasarlanmadığı və yaşayış məntəqələrinə bitişik şəkildə fəaliyyət göstərdiyi, vəhşi heyvanların (it və pişik) məntəqənin həyətində bağlı və açıq şəkildə saxlanıldığı məlum olub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir. [gallery ids="41366,41367,41368,41369,41370,41371"]