Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İraq Respublikasının Səlahəddin və Bəsrə əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, İraq Respublikasının qeyd olunan əyalətlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliyə görə həmin ərazilərdə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə İraq Respublikasının adları sadalanan əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.