Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisi İspaniyanın Saraqosa şəhərində təşkil olunan 14-cü Beynəlxalq Heksaxlorosikloheksan (HCH) və Pestisid Forumunda iştirak edib.

Foodinfo.az xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd pestisidlərin və davamlı üzvi çirkləndiricilərin təhlükəsiz dövriyyəsinin təmin edilməsi ilə bağlı hədəflərə nail olmaq üçün biliklərin ötürülməsini və resursların optimallaşdırılmasını təmin etməkdən, eyni zamanda mövcud texnologiyalardan istifadəni asanlaşdırmaqdan ibarət olub.

Tədbirdə ölkəmizdə istifadəyə yararsız pestisidlərin təhlükəsiz şəkildə məhv edilməsi, pestisidlərin dövriyyəsinin bütün mərhələlərinin idarə olunması üçün institusional və normativ-hüquqi bazanın gücləndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin digər ölkələrin bu sahədəki təcrübəsi ilə tanış olub və beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparıb.

Forum çərçivəsində iştirakçılar üçün Saraqosanın yaxınlığında yerləşən “Sabinanigo” poliqonuna səfər təşkil edilib. Səfər zamanı istifadəyə yararsız pestisid və DÜÇ-ün təhlükəsiz saxlanılması, zərərsizləşdirilməsi, dövriyyəsinin idarə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması, eyni zamanda bu proseslərin avtomatlaşdırılması və sistemin izlənilməsi əyani şəkildə göstərilib. Eləcə də çirklənmiş torpaqların mexaniki, fiziki-kimyəvi və bioloji yollarla təmizlənməsi mexanizminə dair məlumat verilib.