Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.