Heyvan və quş kəsimi məntəqələrinin qəbul bölməsində döşəmələr möhkəm, su keçirməyən, asan təmizlənən, yuyulan və dezinfeksiya ediləbilən olmalıdır.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, kəsim məntəqəsində tavan, döşəmə və divarlar möhkəm, tamlığı pozulmamış, yuyulması və təmizlənməsi asan, həmçinin çirk, nəm, kif və korroziyaya davamlı materiallardan hazırlanmalıdır.
Həmçinin döşəmələr suya və aşınmaya qarşı davamlı, su yığımının qarşısını almaq məqsədilə kifayət qədər maili olmalı və sürüşmənin qarşısını alan materiallardan hazırlanmalıdır.
Drenaj sistemi zərərvericilərin, pis qoxu və çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır. Pəncərələr və qapılar zərərvericilərin məntəqəyə girişinin qarşısını almaq məqsədilə asan təmizlənən və dezinfeksiya ediləbilən torlarla təchiz olunmalıdır.
Təmiz və çirkli zonalar iş axınının gedişinə təsir göstərməyəcək şəkildə ayrılmalıdır.