Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Foodinfo.az-ın məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılıb.  Laboratoriya bu sınaqlarda “Eschericia coli”, “Thermotolerant coliforms” və “Coagulase-positive staphylococci” parametrləri üzrə uğurlu nəticələr əldə edib. Kompleks Tədqiqatlar Laboratoriyası mütəmadi olaraq müxtəlif şirkətlər tərəfindən təşkil edilən beynəlxalq səriştəlilik sınaqlarına qatılır və uğurlu nəticələr əldə edir. Laboratoriyada baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin, eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır.