Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Qusar şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Xanəhmədov Babək Rubət oğluna məxsus “Sevimli” ərzaq satışı mağazasında planlı yoxlama həyata keçirilib. Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.