Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələrinə akkreditasiya attestatları təqdim edilib. Attestatlar “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən regional bölmələrdə aparılan qiymətləndirmələrə uyğun olaraq verilib.
Foodinfo.az-ın məlumatına görə, Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələri iribuynuzlu heyvanların qan zərdabında və süddə bruselyoz, xırdabuynuzlu heyvanların və quşların qan zərdabında çiçək, taun və nyukasl xəstəliklərinin təyini üzrə AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.
Qeyd edək ki, AQTİ-nin heyvan sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə və Sabirabad regional bölmələri ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bölmələrdə qəbul edilən nümunələrin beynəlxalq metodikalara uyğun olaraq mikrobioloji, parazitoloji, seroloji, virusoloji sınaqları həyata keçirilir.
Regional bölmələr mütəmadi olaraq, müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsi, həmçinin personalın səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. Bununla yanaşı, bölmələr Böyük Britaniyanın Vetqas (Apha Scientific) şirkəti tərəfindən təşkil olunan sınaqda iştirak edərək uğurlu nəticələr göstərən laboratoriyalar sırasında yer alıb. Həmçinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bölmələrdə çalışan mütəxəssislərin davamlı olaraq beynəlxalq və yerli təlimlərdə, eləcə də maarifləndirmə tədbirlərində iştirakı təmin edilir.
[gallery ids="50975,50976,50977,50978"]