Bitki və bitkiçilik məhsullarında nümunə üçün zərərvericilərin toplanması zamanı meyvə milçəklərinin canlı sürfələrinin toplanması müvafiq tələblərə uyğun həyata keçirilir. 

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, kəsilmiş meyvədə tapılmış, qidalanmanı tamamlamamış meyvə milçəklərinin sürfələrini, xüsusilə kiçik olanları (uzunluğu 5 mm-dən az olan), meyvədə saxlamaq lazımdır. Aşkar edilmiş meyvə milçəklərinin sürfələri kəsilmiş meyvə ilə birlikdə nümunə paketlərində (qalın parça və ya kağız torbalar) laboratoriyaya göndərilməlidir. Qidalanması başa çatmış və meyvədən çıxmağa hazır olan və ya meyvəni artıq tərk etmiş milçəklərin sürfələri tapıldıqda onları boş sınaq şüşəsinə yerləşdirərək, sınaq şüşəsinin ağzını çox sıx şəkildə pambıq tıxacla bağlamaq lazımdır. Daha sonra sınaq şüşəsini zədələnmiş meyvə ilə birlikdə polietilen kisəyə yerləşdirərək məntəqəyə və ya laboratoriyaya canlı vəziyyətdə çatdırmaq lazımdır. 

Sənədə əsasən, meyvə milçəklərinin puparilərinin toplanması da müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, meyvələrə baxış zamanı meyvə milçəklərinin bağlı pupariləri aşkar edildikdə, onları neştərin köməyi ilə substratdan ayırmaq və sınaq şüşəsinə yerləşdirmək lazımdır. Kağıza yapışmış pupariləri kağızın həmin hissəsi ilə birlikdə, bir-birindən ayırmadan sınaq şüşəsinə yerləşdirmək lazımdır. Pupariləri və onlara aid ayrı-ayrı hissələrini itirmədən toplamaq lazımdır.