Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.
Pestisidlər texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan, ən azı iki otaqdan ibarət xüsusi anbarlarda saxlanılmalı,eyni zamanda preparatların saxlanılması ətraf mühit, işçi heyət, yaxınlıqdakı yaşayış məntəqələrində insanlar və heyvanlar üçün təhlükəsiz qaydada həyata keçirilməlidir.
Pestisid saxlanılan anbarlarda termometr qoyulmalı, hər gün otağın temperaturuna (18-20° C) nəzarət edilməlidir. Həmçinin təyinatına, preparat formasına və təhlükə dərəcəsinə görə ayrı-ayrılıqda döşəmədən 20-25 santimetr hündürlükdə olmaqla, ştabellərdə və ya rəflərdə saxlanılmalıdır.
Anbarda olan preparatlar qorunmalı, birbaşa günəş işığından, rütubətdən, çirklənmədən və mexaniki zədələnmədən mühafizə edilməlidir. Bununla yanaşı anbarın havalandırılmasını mütəmadi tənzimləyən aspirator, həmçinin pestisidin növündən asılı olaraq, qaz sızmasını xəbər verən dedektor qoyulmalıdır. Toksikiliyi, yanğın təhlükəlilik dərəcəsi, partlayıcı xüsusiyyətləri yüksək olan pestisidlər qapalı dolabda saxlanılmalı və qapının üzərinə xəbərdarlıq loqosu asılmalıdır.
Pestisidlər yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.