Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən fiziki şəxs Mustafayev Mübariz Müşviq oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu, həmçinin istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və etiket məlumatlarında məhsulun saxlama müddətinin heç bir əsas olmadan 180 gün qeyd edildiyi aşkar olunub.  Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="49518,49519"]