“Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Həmçinin sənəddə qeyd olunur ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyi Komissiyasının “Qida məhsullarının mikrobioloji kriteriyaları” Reqlamentinə əsasən hazırlanan bu qaydalar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir. Sənədə əsasən, qida məhsullarında insan sağlamlığı üçün risk təşkil edən miqdarda mikroorqanizmlər və ya onların toksinləri və metabolitləri olmamalıdır. Mikrobioloji göstəricilərin istifadəsi HACCP (Təhlükələrin analizi və kritik nəzarət nöqtələri) əsaslı prosedurların və digər gigiyenik nəzarət tədbirlərinin həyata keçirilməsinin ayrılmaz hissəsini təşkil edir. Qaydaların tələblərinə əməl edilməsinə nəzarət isə qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən həyata keçirilir.