Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış dövlət nəzarət tədbirləri və monitorinqlər zamanı bir sıra hallarda idxal olunan qida məhsullarının etiketlənməsi, xüsusən dövlət dili ilə bağlı tələblərin pozulması hallarına rast gəlinib. Bununla bağlı müvafiq ardıcıl tədbirlər həyata keçirilərək, bu sahədə çalışan sahibkarlarla maarifləndirici görüşlər təşkil edilib.
Foodinfo.az-ın məlumatına görə, “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunların müvafiq maddələrinə əsasən, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların, o cümlədən yeyinti məhsullarının üzərindəki etiket və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. AQTA-nın müvafiq qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da da həmin müəddəalar öz əksini tapır.
Qeyd edək ki, bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərində monitorinqlərin həyata keçirilməsinə başlanılacaqdır. Monitorinqlər zamanı qida məhsullarının üzərindəki etiket və adların, onlardan istifadə qaydalarının Azərbaycan dilində olmaması halları aşkarlanarsa, həmin məhsulların ticarət şəbəkəsindən yığışdırılmaqla satışının qadağan edilməsi və geri çağırılması barədə qərarlar qəbul ediləcək, yalnız pozuntu halı aradan qaldırıldıqdan, məhsulların üzərinə azərbaycan dilində müvafiq stikerlər əlavə edildikdən sonra satışına icazə veriləcəkdir.
AQTA qida sahəsində fəaliyyət göstərən ticarət müəssisələrinə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır. Bildirilir ki, ölkə ərazisinə idxal edilən və ya satılan qida məhsullarının etiketlənməsi və onların izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində olmaması kimi hallar aşkarlanarsa, bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.