Məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. İstehlakçıların aldadılması, o cümlədən eyni xassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat verməklə istehlakçıların aldadılması, həmçinin qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi qadağandır. Eləcə də kimyəvi və bioloji preparatlarla işlənilmiş qida məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları görülə bilən olmalıdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. 

Sənəddə həmçinin qeyd edilib ki, bükmə və qablaşdırmada istifadə olunan materiallar müvafiq qaydada uyğunluq sertifikatları ilə təmin edilməli və məhsullar üçün çirklənmə mənbəyi olmamalıdır. Bükmə və qablaşdırmada istifadə olunan materialların saxlanması şəraiti, məhsullarda çirklənmə riski yaratmamalıdır. Bükmə və qablaşdırma əməliyyatları məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Tənəkə və şüşə qablardan istifadə edildiyi təqdirdə, onların tamlığı və təmizliyi təmin edilməlidir. Ölkəyə idxal edilən qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. Qida məhsullarının bükülməsində və qablaşdırılmasında təkrar istifadə üçün nəzərdə tutulmuş materiallar asanlıqla təmizlənən və dezinfeksiya edilə bilən xassəyə malik olmalıdır. Uşaq və pəhriz qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində müvafiq məlumatlar göstərilməlidir. Belə ki, pəhriz qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır. 

Bundan əlavə, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanunu nəzərə alınmaqla, uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq digər müvafiq məlumatlar da əks edilməlidir. Üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı, altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidalarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər, istifadəsi məsləhət görülən yaş qrupları və istehlak qablaşdırması açıldıqdan sonra saxlama müddəti və şəraitinə dair tələblər yazılmalıdır.