Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası və sahibkarlığa dövlət dəstəyinin artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü əsasında “Dövlət rüsumu haqqında” Qanunun müvafiq maddələrində dəyişiklik edilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin, habelə bələdiyyə və dövlət orqanlarının (qurumlarının) cavabdeh olduqları müəssisələrin təsdiqi, eləcə də reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib. Beləliklə, mikro və kiçik sahibkarlıq subyektləri, dövlət və bələdiyyə qurumları qida obyektlərinin təsdiqi ilə bağlı 150 manat dövlət rüsumunun ödənilməsindən azad edilib.
Qeyd edək ki, biznes subyektlərinin fəaliyyətinin optimallaşdırılması, şəffaflığın təmini, xidmətlərin rahat və əlçatanlığı üçün qeydiyyat, idxal-ixrac prosesi, laborator və digər xidmətlər AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən elektron şəkildə həyata keçirilir. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericilik çərçivəsində fəaliyyətlərini qurmalarını və gələcək inkişafını təmin etməklə yanaşı, bu sahədə dövlət nəzarətinin də səmərəli təşkilinə imkan yaradacaqdır.
AQTA bir daha bəyan edir ki, sahibkarlıq subyektlərinə dövlət tərəfindən bundan sonra hərtərəfli dəstək və onların fəaliyyətlərini təkmilləşdirmələri üçün metodiki köməklik göstəriləcək. Hesab edirik ki, bu sahədə həyata keçirilən islahatlar Azərbaycanın qida sənayesinin inkişafına mühüm töhfəsini verəcək, istehlakçıların yüksək keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına köməklik göstərəcəkdir.