Yanvarın 28-də “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib. Onlayn forumda işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılması, qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və post-pandemiya dövrü ilə bağlı müzakirələr aparılıb.
Foodinfo.az-ın məlumatına görə, Forumda çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev pandemiya dövründə AQTA-nın həyata keçirdiyi tədbirlər barədə məlumat verib, “COVID-19”la mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən B.Quliyev işğaldan azad olunan rayonların dirçəldilməsində sahibkarların üzərinə də məsuliyyətin düşdüyünü və bunun icrası zamanı qarşıya çıxan məsələlərin həlli üçün sahibkarları Agentliklə də aktiv əməkdaşlığa dəvət edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edən O. Məmmədov bu müraciətlərin əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə ediyini diqqətə çatdırıb. O bildirib ki, KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir.
Onlayn forumda həmçinin, qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.