Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Foodinfo.az xəbər verir ki, daxil olan məlumatlara əsasən, Çexiya Respublikasının Cənubi Çexiya (Jihocesky) və İtaliya Respublikasının Emiliya-Romanya (Emilia-Romagna) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Belçika Krallığının Antverp (Antwerp) inzibati ərazi vahidində blutanq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, Belçika Krallığının Antverp inzibati ərazi vahidindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çexiya Respublikasının Cənubi Çexiya və İtaliya Respublikasının Emiliya-Romanya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Çexiya və İtaliya  respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.