Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) pestisid və aqrokimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət şöbəsinin müdiri Potapov İvan Serqeyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Sahib Əliyev qonqlara laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib. Bildirilib ki, AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında ciddi uğur və nailiyyətlər əldə edib. Vurğulanıb ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.
Görüş çərçivəsində bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi, o cümlədən bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin tətbiqi ilə bağlı məsələlər də müzakirə edilib.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.