Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Foodinfo.az-ın məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yüksək patogen quş qripi xəstəliyi və Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Başqırdıstan Respublikasından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın, həmçinin Leninqrad vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasından və Leninqrad vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.