Foodinfo.az Sputnik-ə istinadən xəbər verir, qonşu ölkədə toyuq ətində ölümcül bakteriya aşkarlanıb. Məlumatlara görə, Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətinin tərkibində Salmonella bakteriyası tapılıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qurumun Fitosanitar və Veterinar Yoxlama bölməsinin əməkdaşları sözügedən limanlarda Hollandiyadan idxal edilən 28 ton dondurulmuş toyuq ətinin tərkibini laboratoriya şəraitində yoxlayıblar. Yoxlama zamanı toyuq ətlərində salmonella bakteriyası aşkarlanıb. Bundan sonra toyuq ətləri geri göndərilib. Qeyd edək ki, Azərbaycan bir sıra ölkələrdən quş əti idxal edir. O ölkələrin içərisində Gürcüstan da var. Sputnik Azərbaycan-ın əməkdaşı salmonella bakteriyası aşkarlanan toyuq ətinin ölkəmizə gətirilmə riskini araşdırıb.
Sputnik Azərbaycan-ın bu barədə sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir ki, ölkəmizə Hollandiyadan quş əti məhsulları idxal edilmir: “Ümumiyyətlə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir.
Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”. Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstandan Azərbaycana tək-tək hallarda toyuq əti idxal edilir: “Bu gün Azərbaycana on ölkədən toyuq əti idxal edilir. Əsas idxalçılar isə Ukrayna və Rusiyadır ki, bu ölkələrdə də epizootik vəziyyət sabitdir”. A. Vəliyev həmçinin salmonella bakteriyasının təhlükəli virus olmadığını, toyuqlarda aşkarlandığını söyləyib.