Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 420 baş iribuynuzlu mal-qara, 186 min 767 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68 baş çoxdur. Cari ilin altı ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 4 min 870.4 ton ət (diri çəkidə), 25 min 474.1 ton süd, 349.2 ton yun, 17 milyon 468 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 216.1 ton, süddən 898.1 ton, yundan 1.6 ton, yumurtadan isə 167 min ədəd çoxdur.